Azerrail VC

Xəbərlər

Haqqımızda

Azərreyl"in prezidenti: "Komandamızı elə formalaşdırırıq ki, hər bir vəziyyətə hazır olaq"

“Azərreyl” voleybol klubunun prezidenti Fərid Xəlilov ilk müsahibəsini APA.az saytına verib. O, komandaya rəhbər təyin olunduqdan sonra gördüyü işlər barədə danışıb, gələcək planlarını açıqlayıb. 

- “Azərreyl”ə prezident təyinatınızdan təxminən 4 ay keçir. Bu müddətdə hansı işləri görmüsünüz? 
- Bu qısa müddətdə əsas istəyim fəaliyyət istiqamətlərini özüm üçün müəyyənləşdirmək olub. Mövsümə bir sıra yeniliklərlə hazırlaşırıq. Onlardan əsası “Azərreyl”in 18 illik tarixində ilk dəfə kişilərdən ibarət komandanın yaradılmasıdır. Bu, həm Avropa Voleybol Konfederasiyası, həm də Azərbaycan Voleybol Federasiyası tərəfindən qoyulmuş tələblərindən biridir. Digər işlərə gəldikdə, klubun yeni komandalarının formalaşması prosesi gedir. Yerli yarışlarda, həmçinin gələcəkdə ölkə xaricində klubumuzu və ölkəmizi layiqincə təmsil etməyi hədəfləyirik. “Azərreyl”in daha da yaxşı tanınması üçün yeni “brendbook”u da yaradılıb. Loqomuzu belə təzələmişik. Gənc voleybolçuları yetişdirmək yolunda da yeni layihələr işləmişik. Eyni zamanda, yeni sponsorluq müqavilələri imzalanmağı da planlaşdırırıq. 

- Super Liqada son illərdə ciddi rəqibin olmaması “Azərreyl”in çempionluğu ilə başa çatır. Amma ölkənin ən güclüsü tituluna sahib komanda bu il avrokuboklardan kənar qaldı. “Çelenc kuboku”nda oynamaq belə mümkün deyildi?
- Çox düzgün qeyddir, bunları federasiyada da vurğulayıblar. Digər klublar da gedişatı dəyişmək üçün bu il heyətlərini gücləndiriblər və Azərbaycan çempionu olmaq iddiasındadırlar. Biz də öz növbəmizdə əlimizdən gələni edəcəyik ki, titulumuzu qoruyaq və “Azərreyl” mövsümü yenə zirvədə bitirsin.
  
- Komandanın yeni mövsüm üçün formalaşdırılmasl prosesi getdiyini dediniz. Bəs baş məşqçi Famil Ağayevlə yola davam edəcəksinizmi?
- Bəli. Famil Ağayev çox güclü və təcrübəli məşqçidir. Lakin çalışdırıcı bütün işləri tək özü görə bilməz. Mən də çalışıram ki, güclü və lazımı təcrübəyə malik oyunçulardan ibarət komanda formalaşdıraq və ona bu yolda dəstək olaq. Klubu komplektləşdirməkdə iki istiqamət üzrə çalışırıq. Bunlardan birincisi Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edə biləcək gənc oyunçuları yetişdirməkdir. Həmçinin güclü voleybolçuları heyətə cəlb etmək, ölkə çempionatında və ölkədən kənarda qələbələr qazanmaq əsas hədəfimizdir. Bu iki istiqamətdə düzgün balansın yaradılmasını təmin etmək bacarığı əsasdır. Onlardan biri tamamlanmazsa istədiklərimizə nail ola bilmərik.  

- Onda planlarınıza əcnəbi voleybolçuların transferi də daxildir...
- Legionerlərin transferi voleybolun ayrılmaz hissəsidir. Bütün dünyada bu praktika var. Fikrimcə, müəyyən vaxtdan sonra öz ölkəmizdə yetişəcək gənc voleybolçular gəlmələri layiqincə əvəz edə biləcəklər.
  
- Hər komandanın yeni mövsümdə durumuna əsasən hədəfləri olur. “Azərreyl”in həm Super Liqada, həm də Yüksək Liqada eyni istək – çempionluq üçün oynayacaq? 
- Qadın və kişi komandalarında hədəflər fərqli olacaq. Qadınlardan ibarət kollektivimiz daha güclü olduğu üçün əsas nailiyyətləri onlardan gözləyirik. Bu, sözsüz ki, ölkə çempionu olmaq, ardınca avrokuboklarda inamlı çıxışdır. Kişilərdən ibarət komanda isə yeni yaradılıb. Orada əsasən gənclər oynayacaqlar. Bu komandanın qarşısına inkişaf etmək və özünü çempionatda güclü rəqib kimi göstərmək tələbi qoyulub.
  
- Azərbaycan voleybolunun heç də yaxşı günlərini yaşamaması bu yolda sizi həvəsdən salmır ki?
- İşin həcmi məni heç vaxt qorxutmur. Azərbaycan voleybolunun vəziyyəti federasiya tərəfindən daim təhlil olunur. Bu qurumun keçirdiyi iclaslarda idmanın bu növündəki problemlər müzakirə edilir və onların həlli barəsində vacib qərarlar verilir. Şəxsən mən bu dəyişiklikləri öz işimdə görürəm. Şadam ki, məhz bunu  yaxından izləmək imkanındayam.  

- Hələlik ölkə çempionatında rəqiblərinizin kim olacağı məlum deyil. Mümkündürmü ki, onları tanıdıqdan sonra heyətlə bağlı dəyişikliklər edəsiniz?
- Bu istiqamətdə işlər gedir. Ölkə çempionatının yeni mövsümü ilə bağlı görüşlər keçirilir, iradlarımızı və məsləhətlərimizi biz də bildiririk. Buna baxmayaraq, baş məşqçi ilə komandamızı elə formalaşdırırıq ki, hər bir vəziyyətə hazır olaq.

- İldən-ilə zəifləyən çempionatda oynamaqdansa, digər ölkələrin birinciliyində çıxış etmək məqsədəuyğun olmazmı? Məsələn, Belarusun ən güclüsü “Minçanka” Rusiya Superliqasında çıxış edir. Halbuki bir neçə il öncə belə variant da yaranmışdı...
- Məncə, hər bir klub öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə, çempionat da maraqlı keçər, azarkeşlər də gözəl oyunlar izləyərlər.
 
- Əslində belə praktika bir çox idman növlərində, hətta futbolda da var. Uelsin “Suonsi”, “Kardiff” klublarının İngiltərə çempionatında oynamasını da buna misal göstərmək olar. Ölkəmizdə komanda sarıdan problemli olan basketbol, voleybol, həndbol, otüstü hokkey kimi növlərdə belə addım atmaq xilas yolu ola bilərmi?
- Voleybolu digər idman növləri ilə bir sıraya qoymazdım. Azərbaycanda idmanın bu növünün gözəl və parlaq tarixi var. Voleybolçularımız Avropa klublarında çıxış edirlər və gözəl nəticələr göstərirlər. Fikrimcə, burada düzgün idarəetmə, məqsədlərin müəyyənləşməsi və bu işə ciddi yanaşma olsa, voleyboldakı əksər problemlər həllini tapar.

- Klubunuzun sabiq rəhbərlərinin bəziləri demək olar ki, komandanı kənardan idarə edirdi. Bəs sizi voleybolla nəsə bağlayırmı?
- Bu məsələdə mövqeyim odur ki, heç vaxt pis təcrübə olmur. Klubun sabiq rəhbərləri ilə məsləhətləşmək mənim üçün problem deyil. Belə olduqda, eyni səhv də təkrarlanmır. Lakin kənardan idarəetmə yolverilməzdir. Məsləhətləri qəbul edib, fikrimi formalaşdırdıqdan sonra qərarlar verirəm. Məni bu sahəyə idmanın biznesdən fərqli olması bağlayır. Biznesdə əsas məqsəd mənfəətin qazanılmasıdırsa, idmanda belə deyil. Burada istər klubun, istəsə də federasiyanın əsas məqsədi ölkə voleybolunun inkişafına nail olmaq və bayrağımızı yüksəklərə qaldırmaqdır. Mən də bu yolda əlimdən gələni etməyə hazıram.